First slide

"Expo 2020 Dubai" çərçivəsində Azərbaycan Milli Günü ilə bağlı tədbirlər keçirilib (FOTO)

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birləşmiş Ərəb Əmirliklərində davam edən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan Milli Günü ilə əlaqədar tədbirlər keçirilib.

Press.az-ın məlumatına görə, Azərbaycan sərgidə ekoloji təmiz texnologiyalara həsr olunmuş hissədə pavilyonla təmsil olunub. Milli pavilyonda "sabahın inkişafı bugünkü qərardan asılıdır" konsepsiyasını əks etdirən interaktiv elektron məlumat vasitələri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və müasir incəsənəti barədə videomaterialları təqdim edir.

Pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi və sosial sahələrdə dayanıqlı inkişaf və innovasiyalar barədə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərdə tikinti işləri barədə məlumatlar təqdim olunur.

Pavilyonun peyzajı Azərbaycandan və digər ölkələrdən olan rəssamları "Xarıbülbül" və "Ceyranlar" seriyasından heykəllərlə bəzədilib. Burada həm də Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin "Zərif saz" installyasiyası, Leyla Əliyevanın "Ürək" heykəli və Faiq Əhmədin xalça motivləri təqdim olunub.

Milli pavilyon gündə 10 mindən çox ziyarətçi qəbul edir. Sərgi çərçivəsində pavilyonun səhnəsində müntəzəm olaraq konsertlər və müxtəlif mədəniyyət proqramları keçirilir, ziyarətçilər isə Azərbaycanın tarixi və müasir həyatını izləmək imkanı qazanır.

Noyabrın 18-də "Expo 2020 Dubai" çərçivəsində Azərbaycan Milli Günü ilə əlaqədar tədbirlər keçirilib. Beynəlxalq sərginin hər günü burada təmsil olunan konkret ölkəyə həsr olunur.

Günün birinci yarısında Azərbaycan Milli Günü münasibətilə yürüş keçirilib. Daha sonra "Al Wasl Plaza" meydanında BƏƏ və Azərbaycanın bayraqlarının ucaldılması mərasimi keçirilib. Hər iki dövlətin himnləri səsləndirilib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışı zamanı bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir:

"İki ölkə arasında münasibətlər qarşılıqlı dostluq və hörmət prinsipləri əsasında qurulub və hər iki xalq bir-biri ilə tarixi və dini köklərlə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, gələn il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Uzun illər ərzində iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə dinamik inkişaf edib. Fürsətdən istifadə edərək, biz BƏƏ-dən olan investorları Azərbaycanın azad edilmiş ərazilərində davam edən bərpa və infrastruktur işlərində iştirak etməyə dəvət etmək istərdik", - deyə A.Ələkbərov bildirib.

Daha sonra qonaqlar Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin milli pavilyonları ilə tanış olublar.

Tədbirin yekununda "Al Wasl Plaza" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə çıxış edir. Ölkəmizin sərgidə layiqincə iştirakına Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət ayırıb və Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonun tikinti işlərinə başlayan ilk ölkələrdən olub.

Ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək yüksək mükafatlara layiq görülüb. Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin 2025-ci ildə keçiriləcək ümumdünya ekspo sərgisinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu il oktyabrın 1-də başlamış "Expo 2020 Dubai" 2022-ci il martın 31-dək davam edəcək.

Oxşar xəbərlər
OTACI
OTACI