First slide

Akademik Musiqili Teatrda Ramiz Məmmədovun 70 illik yubileyi qeyd olunacaq

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

31 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qızıl toy” (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 50-ci dəfə (2014-cü ildən) tamaşaçıların görüşünə gələcək.

Press.az xəbər verir ki, əsərin budəfəki nümayişi sənət yolu Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə sıx bağlı olan tanınmış aktyor, Xalq artisti Ramiz Məmmədovun 70 illik yubileyi münasibəti ilə təqdim olunacaq.

Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum aktyorun həyat və yaradıcılığı haqqında söhbət açacaq.

Səhnə əsərinin quruluşu rejissor Yusif Əkbərova məxsusdur. Maraqlı və rəngarəng süjet xətti olan bu tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Gültac Əlili, Şaban Cəfərov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və başqaları çıxış edirlər.

Xalq artisti Ramiz Məmmədov vaxtı ilə bu səhnə əsərində Qədir obrazını yaradıb.  

Qeyd edək ki, Akademik Musiqili Teatrın kollektivi tərəfindən hər zaman gözəl insan və istedadlı aktyor kimi xatırlanan Xalq artisti Ramiz Məmmədov 1951-cı ildə anadan olub.

Hələ Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığı zamanlardan Musiqili Komediya Teatrına (teatrın əvvəlki adı) dəvət olunub. Fəaliyyətə başladığı ilk günlərdən fitri istedadı, özünəməxsus aktyorluq məharəti ilə həm kollektivin, həm də tamaşaçıların böyük rəğbətini qazanıb.

"Qaynana" tamaşasında Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Qəzetçi Rza, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa  obrazlarda çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu hər zaman təsdiq edib.

2001-ci ildə “Respublikanın Əməkdar artisti”, 2013-cü ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.

R.Məmmədov bu il martın 21-də uzun sürən xəstəlikdən dünyasını dəyişib. Onun əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Oxşar xəbərlər
OTACI
OTACI