Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranın bu addımı bir məna verir: barmaq silkələmək - Politoloq

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İran öz ərazisində hərbi təlimlər keçirirsə, bu onun suveren hüququdur. Eyni zamanda, biz də öz ərazilərimizdə təlimlər keçirərkən öz suveren hüquqlarımızdan istifadə edirik. Sadəcə olaraq bizim üçün müəmmalı məsələ ondan ibarətdir ki, həmin təlimlər niyə bu günlərə təsadüf edir?! Əgər başqa vaxt olsaydı, biz bunu başa düşərdik. Amma bu ərəfələrdə Azərbaycanla bütün sərhədlər boyu, eləcə də Xəzər dənizinin cənub hissəsində də bu cür hərbi təlimlərin keçirilməsi bir məna verir: Azərbaycana barmaq silkələmək”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə İranın Azərbaycana qarşı son aqressiv hərəkətlərindən danışarkən deyib.

Politoloqun fikrincə, iş orasındadır ki, Xəzər dənizi sülh dənizi elan olunub:

“Eyni zamanda, İran da bu təşəbbüsdə fəal iştirak edib. Həmin sülh dənizi prinsipini qəbul edib, ona müsbət yanaşıb. Əgər sən sülh dənizi prinsipini qəbul edirsənsə, o zaman hərbi təlimlər keçirməklə öz prinsiplərinə qarşı çıxırsan. Düşünürəm ki, İran diplomatiyası son vaxtlar çox ciddi səhvlərə yol verib. Səhvlər ondan ibarətdir ki, onlar addımlar atanda dostluq, qardaşlıq, qonşuluq prinsipləri pozulur. İranın xarici işlər naziri təzəlikcə çıxış edib və qardaş ölkə ifadəsini işlədib. Qardaş ölkə belə hərəkətlərə yol vermir axı... Qardaş ölkə bu cür məsələlər ortaya gələndə hər şeyi danışıqlar masasında çözür. Sənin problemin varsa, müraciət elə və gəl bu məsələləri çöz, problemlər müəyyən olunsun, sonra anoloji addımlar atılsın. Diplomatiya budur, amma İranın indiki davranışı diplomatik davranış deyil. Son nəticə etibarilə bu İranın öz maraqlarına ziddir”.

Politoloq İranın ali dini liderinin Azərbaycandakı ofisinin bağlanmasına da münasibət bildirib:

“İranın Ali dini liderinin Azərbaycan üzrə nümayəndəsi Ocaq Necatın və onun rəhbərliyi etdiyi qurumun fəaliyyətlərilə bağlı daha dolğun informasiyaları yəqin ki, aidiyyəti orqanlar verə bilər. İranın Azərbaycanda bu cür nümayəndəliyi fəaliyyət göstərib, düşünün, İranda səfirliyimizdən, konsulluğumuzdan başqa Azərbaycanın hansı təşkilatının İranda nümayəndəliyi var?! Əgər Azərbaycanın hansısa təşkilatının İranda – Təbrizdə və ya Tehranda nümayəndəliyi olsaydı, İranın hakimiyyət orqanları onun fəaliyyətinə imkan verməzdilər. Yenə deyirəm, burada konsulluqdan, səfirlikdən söhbət getmir. Söhbət hər hansı bir qeyri-hökumət təşkilatının, hansısa bir qurumun nümayəndəliyi onun fəaliyyətinə ümumiyyətlə, imkan yaratmazdılar. Ona görə də Ocaq Necatın Bakıdakı ofisinin bağlanmasında təəccüblü heç nə yoxdur. Biz illər boyu İranın müxtəlif təsisatlarına Azərbaycan ərazisində fəaliyyət göstərmələrinə imkan vermişik. İran diplomatları Azərbaycana qarşı sərt addımlar atanda gərək bunu da fikirləşərdilər. Düşünəydilər ki, Azərbaycan neçə illər onlara burada fəaliyyət göstərmələrinə imkan verib. Həmin məkana çoxlu adamlar gedib-gəlirdilər. Eyni zamanda, onlar İrana müxtəlif turlar təşkil edirdilər. Həmin turlara minlərlə adam qatılırdı, iştirak edirdi. Biz bunlara göz yumurduq, deyirdik ki, İran dost və qardaş ölkədir. Düşünürdük ki, onların fəaliyyəti ikitərəfli fəaliyyətlərə xidmət göstərməlidir”.

İlqar Vəlizadə bildirib ki, amma biz tamam başqa mənzərə gördük: “Yenə deyirəm, buradakı məkanın bağlanmasında təəccüblü heç nə yoxdur. Təəccüblü odur ki, onlar öz aktivliklərini, təsisatlarını qoruyub-saxlamaq istəyirdilərsə, bu cür addımlar atmamalı idilər. Eyni zamanda, hər hansı bir təsisat konstitusion quruluşun əleyhinə çıxırsa, onun dəyişilməsini qarşısına məqsəd qoyursa, onun özü qeyri-konstitusion sayılır. Bütün dövlətlərdə, hətta İranın özündə də belədir. Tutaq ki, İranda hansısa bir təşkilat ortaya çıxır və deyir ki, İranın islam respublikası olmasının əleyhinəyik, konstitusyon quruluş dəyişməlidir. İran hakimiyyəti onlara qarşı daha sərt addımlar atacaq. Bütün günahları onların boynuna atacaq. Eləcə də bizdə... Əgər hansısa partiya, qurum, ictimai təşkilat açıq şəkildə bəyan edirsə ki, biz bu konstitusion quruluşla razı deyilik, o zaman onlar özlərini qanundan kənar vəziyyətdə qoyurlar. Ona görə onlara qarşı adekvat addımlar atılır. Burada da hər hansı təəccüblü bir məsələ yoxdur. Əgər onlar qanun çərçivəsində fəaliyyət göstərsəydilər, yəqin ki, həmin təsisatlarla bağlı tədbirlər görülməzdi”.

Oxşar xəbərlər
OTACI