Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Laqeyd münasibət göstərildiyi deyilən qazi Cahangirlə bağlı - Açıqlama

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində ağır yaralanmış, döyüş yoldaşlarının şəhid sandığı əsgər Cahangir Əliyevin çətin vəziyyətdə olması, onunla heç bir dövlət qurumunun maraqlanmaması ilə bağlı məlumat yayılıb.

Bu barədə qaziyə baş çəkən dostları sosial şəbəkədə yazıblar. Onların sözlərinə görə, Sumqayıtda yaşayan qaziyə laqeyd münasibət göstərilib.

21 yaşlı qazinin beyninin 70 faizinin zədələndiyi, demək olar ki beyninin bir yarımkürəsinin olmadığı bildirilir. Müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir.

Anası Sevda Əliyevanın sözlərinə görə, müharibədən bir il ötsə də, hələ də qaziyə əlillik təyin olunmayıb.

Sadalanan problemlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdik.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Sumqayıt şəhər sakini Əliyev Cahangir Gülbala oğlu ilə növbəti dəfə görüşərək sosial vəziyyətini öyrəniblər.

Qeyd edilib ki, müharibədən sonra Cahangirin sistemli şəkildə müalicəsi üçün müvafiq işlər aparılıb:

“Qazi nazirlik tərəfindən reabilitasiya proqramına cəlb edilib, mühərrikli təkərli oturacaqla təmin olunub. Xüsusilə “YAŞAT” Fondu tərəfindən ailəsinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə maddi yardım göstərilib. Aprel, iyun və avqust aylarında Türkiyənin VM Medical Park Pendik Xəstəxanasındakı müalicəsi üzrə xərcləri qarşılanıb. Qazimiz, həmçinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən tibbi xidmətlə təmin olunub. Cahangirin atası Gülbala Əliyev ”Sumqayıt Texnologiyalar Parkı” MMC-də elektrik işləyir. Anası Sevda Əliyeva işsiz olduğu üçün istəyinə uyğun olaraq “dərzilik” üzrə özünüməşğulluq proqramına cəlb olunub, yaxın zamanda aktivlərlə təmin ediləcək”.

Cahangirin əlilliyinin qiymətləndirilməsi məsələsinə gəldikdə isə, T. Qurbanov bildirib ki,  aidiyyəti orqanın - hərbi həkim komissiyası tərəfindən şəhadətnamə təqdim olunmadığından bu, mümkün olmayıb:

“Həmin sənədin verilməsi prosesinin sürətləndirilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aidiyyəti orqana müraciət edilib. Xatırlatma üçün qeyd edək ki, hərbi səbəblə əlaqədar əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumların şəhadətnamə və göndərişlərinin e-sistemə daxil edilməsindən sonra aparılır”.

“YAŞAT” Fondundan isə bildirilib ki, C. Əliyevin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə ilk müraciəti qeydə alınıb və 2021-ci ilin 8 fevral tarixində 2 500 AZN vəsait köçürülüb.

Qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə İsrail dövlətindən dəvət olunan hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış həkim heyəti tərəfindən müayinə olunub:

“Onun müalicəsinin davam etdirilməsi ölkə daxilində mümkün olmadığından Türkiyənin VM Medical Park Pendik Xəstəxanasına göndərilib, 82 365 AZN dəyərindəki müalicə xərci Fond tərəfindən ödənilib. Qazimiz 2021-ci il 31 iyul tarixində Vətənə geri dönüb. Fond tərəfindən müayinə edilməsi məqsədi ilə həkimlərin rəyinə əsasən ya 4, ya 6 ay sonra yenidən Türkiyəyə göndəriləcək.

2021-ci ilin 9 sentyabr tarixində qazimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə növbəti müraciəti qeydə alınıb, reabilitasiyaya cəlb olunması məqsədi ilə Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilib, anası adıçəkilən tibb müəssisəsinin uzaq məsafədə yerləşməsini əsas gətirərək imtina edib. Qazimizin ailəsinin istəyi üzrə Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə yönləndirilib, lakin anası reabilitasiya prosesinin evdə olmasını tələb edərək övladının müəssisəyə yönləndirilməsindən imtina edib. Aidiyyəti tibb müəssisəsi tərəfindən reabilitasiya prosesinin evdən aparılmasının mümkün olmadığı bildirildiyindən təəssüf ki, bu müraciətin təmin edilməsi mümkün olmayıb.

Eyni zamanda Türkiyədə qazimizi müayinə edən həkimlər tərəfindən onun güclü reabilitasiya prosesinə cəlb olunmasının səhhətinə əks təsir göstərə biləcəyi bildirilib, ona ev şəraitində özü edə biləcəyi yüngül hərəkətlər tövsiyə olunub”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, İH-nin əməkdaşları C. Əliyevə baş çəkiblər:

“Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə şəhər rəhbəri sərəncam imzalayıb.

Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşları təmsil olunur.

İcra Hakimiyyətinin əməkdaşları ilk günlərdən şəhər ərazisində olan bütün qazilərimizin evlərində olub, onların qayğıları ilə maraqlanıblar. Əməkdaşlar Cahangir Əliyevin ailəsində də olub, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar. Qazimizin valideynləri ilə bu günlərdə də görüşülüb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən lazım olan bütün köməkliklərin göstəriləcəyi vurğulanıb”.

Oxşar xəbərlər
OTACI