First slide

İsrailli politoloq: "Azərbaycanın müstəqil xarici siyasəti İranı qıcıqlandırır"

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vaxtilə rusdilli “Kommunist Sumqaita” qəzetinin baş redaktoru müavini işləmiş istedadlı qələm ustası Mark Qorini yaşlı nəsil jurnalistlərimizin çoxu yaxşı xatırlayır. Adıçəkilən nəşrdə çalışdığı 10 il ərzində müxbirlikdən başlayıb rusdilli qəzetin rəhbərliyinədək yüksələn M.Qorin eyni zamanda Moskva şəhərindəki Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu qiyabi başa vurub. 1992-ci ildə ailəsilə birgə İsrailə köçmüş həmvətənimiz müxtəlif KİV-də çalışıb, daxili və xarici siyasət məsələlərini işıqlandırıb.

Bu gün rusdilli “Əlif Bet” telekanalının əməkdaşı Mark Qorin Report-a müsahibəsində İranın ölkəmizə qarşı son addımlarına münasibətini ifadə edib, bu yaxınlarda Azərbaycana gəlməsilə bağlı təəssüratlarını bölüşüb.

- Son günlər İran rəsmiləri Azərbaycanla bağlı sərt bəyanatlar verir. Qonşu ölkə 30 ilə yaxındır yada salmadıqları Azərbaycan sərhədi yaxınlığında birdən-birə hərbi təlimlər belə keçirir. Bu narahatlığın arxasında nələr durur?

- İranın narahatlığı yeni məsələ deyil, kökləri uzaq keçmişdən qaynaqlanır. Sırf bugünkü hadisələrə gəlincə, əvvəla, Azərbaycanın müasir, sivil, zəngin, güclü dövlət qurması, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda da Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil xarici siyasət yeritməsi İran rəhbərlərini bərk qıcıqlandırır. İkinci səbəb, heç şübhəsiz, Ermənistan üzərində qələbəsi nəticəsində regiondakı nüfuzunun daha da artmasıdır. Belə ki, İran Ermənistanın çoxdankı müttəfiqlərindəndir, bu da Azərbaycanı zəiflətmək istəyilə bağlıdır. Çünki İranda yaşayan 35-40 milyon azərbaycanlı təbii olaraq müstəqil Azərbaycan dövlətinə rəğbət bəsləyir. İndi onların hərtərəfli yardımlarını əsirgəmədiyi Ermənistanın 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə düçar olması əlbəttə, onlara yer etməyə bilməzdi. Üstəlik, Azərbaycanın başqa türk dövlətlərilə yaxınlaşması da İran başbilənlərini narahat edir.

Daha bir məsələ nüvə razılaşmasına dair Vyana danışıqları ilə bağlı İranın mürəkkəb beynəlxalq vəziyyətilə bağlıdır. Belə ki, ABŞ İranın havası ilə oynamaq fikrində deyil.

Bundan əlavə, Azərbaycanın Ermənistana qarşı müharibədə İsraildən dəstək alması da Tehranı qıcıqlandırmaya bilməzdi. Halbuki burada söhbət yardımdan yox, hərbi məhsullar alış-verişindən gedir. Azərbaycanın bizim ölkədən milyardlarla dollar həcmində ən modern hərbi avadanlıq alması hamıya məlumdur. Bizə gəlincə, hamının bildiyi köhnə bir həqiqət var: İsrail dostlarını darda qoymaz.

Nəhayət, Azərbaycan hökuməti vaxtilə işğal altında olmuş torpaqlar üzərindən Ermənistana qaçaq mallar, o cümlədən narkotik vasitələr daşıyan İran tırlarının qarşısını kəsdi. Həmin narkotik vasitələr daha sonra Avropaya, dünyanın başqa regionlarına yol tapır, insanları zəhərləyirdi. Bu qədər mühüm gəlir mənbəyinin əldən çıxmasını həzm etmək asan deyil. Bu məsələ ilə bağlı milli təhlükəsizlik müşaviri Con Bolton Nikol Paşinyanla görüşündə Ermənistanı İrana qarşı sanksiyaları pozmaqda da qınamışdı.

- Sizcə, İran tərəfi niyə Ermənistanın təhlükəsizliyinə özünü məsul hiss edir?

- Onlar özlərini heç nəyə məsul hesab etmirlər. Lakin Ermənistana yardım etməyə İranı iki amil sövq edir. Birincisi, onlar bununla Azərbaycanın qarşısını aldıqlarını zənn edirlər. Bundan savayı, mənim şəxsi fikrimcə, burada Fransa və bir sıra başqa ölkələrin daxili seçici məsələlərilə bağlı süni Ermənistan təəssübkeşliyinə züy tutmaq məqamı da var.

- Başqa vaxt özlərini islamın, müsəlman dəyərlərinin himayəçisi kimi qələmə verən İran rəhbərləri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində islam mədəniyyətinə, irsinə aid abidələrin məhv edilməsinə, təhqir olunmasına bir dəfə də olsun münasibət bildirməyib. Belə bir siyasətə nə ad vermək olar?

- Mən ilahiyyatda səriştəli olmasam da, jurnalist və politoloq olaraq görür və deyə bilərəm ki, İran molla hökumətinin mövqeyi heç də islam dəyərlərilə müəyyən olunmur. Məncə, şiəliyi təbliğ etməkdən qalmayan bu rejim əslində dini siyasi məqsədləri üçün istifadə edir. Bu yaxınlarda Azərbaycanda olanda Qarabağa getmiş, orada ermənilərin məscidləri mal-qara tövləsinə çevirdiklərini öz gözümlə görmüşdüm. Belə təhqir İran şiələrini qəzəbləndirməliydi, amma bildiyimiz kimi, onlardan səs çıxmadı. İsrail jurnalistləri, dindən uzaq insanlar bu mənzərədən sarsılmış və gördüklərini mətbuatda hiddətlə təsvir etdikləri halda islam dəyərlərinin dırnağarası təəssübkeşləri səslərini çıxarmadılar. İsraildəki ərəb mənşəli vətəndaşların müdafiəçisi donuna bürünən İran rejimi öz ölkəsindəki milli azlıqları amansız təzyiqlərə məruz qoyur.

- Yeri gəlmişkən, bu günlərdə İran mollaları tərəfindən belə bir qəribə mülahizə səsləndirildi: Azərbaycan guya sionizmin istehkamıdır. Bu barədə fikriniz?

- Bu sözləri ancaq məkrli və eyni zamanda cəfəng boşboğazlıq kimi dəyərləndirmək olar. Sionizmin təkcə bir istehkamı var, o da İsraildir. Ölkəmizin Azərbaycanla dostluğunun bünövrəsi Azərbaycanda əsrlərlə yaşayan, heç bir ayrı-seçkilik görməyən, öz vətəni saydıqları bu ölkəyə sədaqətli olan on minlərlə yəhudinin istiqbalıdır. Odur ki, İsrail çətin məqamda sizə əl tutmağa çalışır, yaxşı və yaman gündə yanınızdadır. Azərbaycanın yəhudilərə münasibətinə canlı misal qarşınızdadır. Mən Ukraynada təhsil almışam, jurnalist olmaq arzusu ilə yaşamışam. İstedadlı olduğumu desələr də, sovet Ukraynasında bizim millətin peşəkar jurnalist olmaq imkanı yox idi. Amma Azərbaycan məni qəbul etdi, arzularımın çin olmasına şərait yaratdı. “Kommunist Sumqaita” qəzetində ibtidai dərəcədən başlayaraq, baş redaktor müavinliyinədək yüksəldim, peşəkar və şəxsiyyət kimi formalaşdım. Mənim üçün bu, çox əhəmiyyətlidir. Mənim kimi yüzlərlə, minlərlə misallar çəkmək olar. Biz İsraildə yaşayan Azərbaycandan gələnlər olaraq, səfirliyin açılmasını çox istəyirik. Geosiyasətlə bağlı müəyyən həssas amillərə baxmayaraq, bir gün bu arzunun da çin olacağına inanırıq.

İsrailə istehkamlar yox, dostlar lazımdır. Biz bir çox müsəlman ölkələrilə də dostluq edir, bunun hər iki tərəf üçün faydalı olduğunu düşünürük.

Oxşar xəbərlər
OTACI
OTACI