Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Revanişizm: ermənilər üçün “Miatsum”dan daha təhlükəli aqibət

07 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinin azad olunmasının birinci ildönümündə (03.10.2021) qəsəbədə oldu, Azərbaycan Bayrağını göylərin üzünə çəkdi, dosta-düşmənə ismarıclar verdi, ürək sözlərini bölüşdü. Hər kənd, qəsəbə və şəhərimizin azad olunduğu gün qürur günümüzdür. Suqovuşanı daha da fərqli qılansa, onun strateji önəmidir.

Heç təsadüfi deyil ki, cənab prezidentin təşəbbüsü ilə təsis edilmiş yeni dövlət təltifləri sırasında adına medal təsis edilmiş yeganə qəsəbə Suqovuşandır. Bunun bütün hüquqi, siyasi, mənəvi əsasları ilə yanaşı strateji əsası da vardır.

Qəhrəman Tərtərimiz işğal olunmamışdı, ancaq rayonun strateji məntəqsi olan Suqovuşanın işğalda olması həm Tərtərə, həm də Bərdəyə, Goranboya, ümumən bölgəyə təhlükəsizlik problemi yaradırdı. Suqovuşanın azad olunması, necə deyərlər, bir qəsəbənin azad olunmasından daha artıq anlam daşıyır. Yeni (bərpa edilmiş) mübarək adlı Suqovuşanın azad olunması Vətən Müharibəsində tarixi Zəfəri təmin etmiş önəmli uğurlarımızdandır.

Suqovuşanda yalnız su qovuşmadı, qan qovuşdu, ruh qovuşdu, keçmişlə gələcək qovuşdu! Suqovuşanın azad edilməsi hadisəsi özündə strateji anlam daşıyır.

Haşiyə: Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş (keçmiş) Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edilmiş, 20 il sonra – 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi; 1953-cü ildə isə qəsəbədə orta məktəb açıldı. Ağdərə rayonu ləğv edilərək (1992), ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülərkən, Suqovuşan Tərtər rayonuna birləşdirilmiş oldu. Qəsəbə 3 oktyabr 2020-ci ildə şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş, elə həmin gün Azərbaycan Prezidenti qəsəbənin tarixi adı bərpa edərək, Madagiz adını ləğv etdi, qəsəbə Suqovuşan adlandırıldı.

Suqovuşanın coğrafi mövqeyi müharibənin gedişatında önəmli rol oynayırdı: qəsəbənin müharibənin ilk günlərindən əlimizdə olması bizə gələcək hərbi əməliyyatlarda üstünlük qazandırdı. Ayrıca, bu hərbi uğur, psixoloji üstünlüklə də birləşərək, əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə səbəb oldu. Bu ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi – düşmənin canlı qüvvəsinin, texnikasının hərəkəti üçün, manevrlərçün çox böyük problemlər, məhdudiyyətlər hasil oldu. Ayrıca, Talış kəndində, Suqovuşanda və çevrəsində işğalçıların böyük canlı qüvvəsi yerləşdirilmişdi; həmin canlı qüvvə müharibənin son günlərinədək digər əməliyyatlara cəlb edilə bilmədi, necə deyərlər, “ölü güc”ə çevrildi.

Suqovuşan su anbarı da qəsəbəni xüsusi önəmli qılan səbəblərin başında gəlir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş (1976) bu su anbarının (Sərsəng su anbarı ilə birgə) əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından qıraqdakı rayonlarımıza (Tərtər, Bərdə, Ağdam, Goranboy və b.) su vermək olub.

Burada vurğulamaq yerinə düşər ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Suqovuşan su anbarından istifadə edərək, bu anbarın, Suqovuşanın əsl sahibi olan Azərbaycan Respublikasına qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının bir sessiyasında bu məsələ ilə bağlı xüsusi məruzə də təqdim edilmiş, sonucda Ermənistanın ittiham edildiyi qətnamə qəbul olunmuşdu: “bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər”... İndi isə Suqovuşan su anbarının azad edilmədən sonrakı durumuna, ilkin töhfəsinə diqqət edək: bu il su anbarından istifadə edərək 30 il içində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günədək suvarılmayan və ya az suvarılan 30 min ha ərazidəki torpağa su verilmişdir və indi kanallarda təmir işləri gedir.

Azərbaycan Prezidentinin Suqovuşandakı bildirdiyi kimi, “Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edil-məkdədir”. Eyni gündə işğaldan azad edilən Talış kəndi və Suqovuşan qəsəbəsi çevrəsində Ermənistan silahlı qüvvələri çox güclü, demək olar, keçilməz istehkamlar, bir neçə müdafiə xətti qurmuşdu. Düşmənin ərazidəki yerləşmiş böyük canlı qüvvəsi ərazini illərlə yaxşı öyrənmiş, orada möhkəmlənmişdi. Bütün strateji yüksəkliklərdə düşmənin xüsusi təlim görmüş dağatıcıları və b. bölmələri yerləşmişdi. Ordumuz böyük peşəkarlıq, fədakarlıq göstərərək, şiddətli döyüşlər apararaq Talışı və Suqovuşanı işğaldan azad etdi. 27 sentyabr – ək-hücumun ilk günündə əldə edilmiş qələbələrdən sonra Talış və Suqovuşanın düşmən tapdağından azad edilməsi ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan silahlı qüvvələri dərin mənəvi-psixoloji sarsıntıya qapıldı: gözləri qorxdu və bu qorxu müharibənin sonunadək onları tərk etmədi.

Heç təsadüfi deyil ki, işğalçı orduda 10 mindən çox rəsmi etiraf edilmiş fərari olmuşdur. – Prezidentin sözləri ilə desək: “Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi”.

Və nəhayət! Yuxarıda da vurğuladığımız kimi, Suqovuşanda yalnız su qovuşmadı, qan qovuşdu, ruh qovuşdu, keçmişlə gələcək qovuşdu! Şəhidimizin qanı düşən hər yer bizim üçün müqəddəsdir. Gələcəkdə bizim Qarabağ torpaqlarında, Ağdərədə, Əsgəranda, Xankəndində yaşamaq istəyən ermənilər məhz reallıqları qəbul etməli və gələcəyə baxmalıdır. Onlar İrəvandan, bir başqa xarici paytaxtdan gəən zəngə, ismarınca deyil, məhz bakının ismarıclarına diqqət etməli, birgəyaşayış, beynəlxalq hüquq nə gərəkdirirsə, o gərəyi yerinə yetirməlidir. – Zira, “Başqa yolu yox, artıq”! Özəlliklə, revanşizm qəti şəkildə yolverilməzdir! Revanişizm onlara “Miatsum”dan daha təhlükəli aqibət bəxş edəcək! Gorbagor olmuş “status”, tanınmamış – hətta, “uğursuz dövlət”in özü tərəfindən tanınmamış “müstəqillik” xülyalarından birmənalı şəkildə əl çəkmək, keçmiş muxtar vilayətin erməni sakinləri üçün alternativlərin ən yaxşısıdır. əks təqdirdə Azərbaycan Dəmir Yumruğu yerindədir! Separatizm, revanişzm kimi cəhdlərin qarşısı çox sərt şəkildə alınacaqdır: “Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Oxşar xəbərlər
OTACI