Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat Vahid Əhmədovun populist açıqlamaları: Niyə “Aİ-95” və “Aİ-98” benzininin bahalaşması qorxulu deyil?

16 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanacağın qiymətinin artması hər zaman cəmiyyət tərəfindən kəskin mənfi reaksiyaya səbəb olur və nəqliyyat xərclərinin artmasının yüksək multiplikativ effekt verdiyini, iqtisadiyyatın müxtəlif sahələrinə təsir etdiyini nəzərə alsaq, bu heç də təəccüblü deyil.

Bu hadisə xüsusən sentyabrın 15-də Azərbaycana idxal olunan “Aİ-95” və “Aİ-98” markalı benzinin bahalaşmasını mətbuatda şərh edən Milli Məclisin deputatı Vahid Əhmədovun əsassız hiddətinə səbəb oldu.

Ona görə əsasız ki, yüksək oktanlı benzinin qiymətinin artması heç bir şəkildə təhlükə yaratmır.

Bu həmçinin onunla əlaqədardır ki, ölkənin yanacaq balansı ölkədə istehsal olunan “Aİ-92” benzininin əsasında formalaşır. Həmçinin ölkəmizdə “Aİ-92”-nin istehlakı 95 faiz təşkil edir və bu markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.  

Qlobal iqtisadiyyatın dirçəlişinin təzahürlərindən biri, demək olar ki, bütün növ əmtəə mallarına tələbatın kəskin artmasıdır. Xüsusən də bu ilin mart ayından neft qiymətlərində davamlı artım müşahidə edilir.

Bu proseslər ABŞ-ın xam neft ehtiyatlarının azalması, Asiya və Avropada isə tələbatın artması fonunda baş verir. Hazırda “Brent” markalı xam neftin bir barrelinin qiyməti 74,04 dollara yüksəlib.

Müvafiq olaraq, son 5-6 ay ərzində bütün dünyada yanacağın və xüsusən də yüksək oktanlı benzinin qiymətləri artmaqdadır. Bununla əlaqədar olaraq bir sıra ölkələr daxili yanacaq qiymətlərini sabit saxlamaq üçün kvota təyin edir və ya benzin ixracını məhdudlaşdırmaq cəhdlərini həyata keçirir.

Bu və ya digər şəkildə benzinin qiymətinin qlobal artımı obyektiv bir reallıqdır və bütün idxalçı ölkələr bununla hesablaşmaq məcburiyyətindədirlər, yüksək oktanlı yanacağa olan tələbatı xaricdən tədarük edərək ödəyən Azərbaycan da həmçinin.

Məhz bu obyektiv səbəblər nəticəsində “Aİ-95”( Premium) markalı benzinin qiyməti 1,45 manatdan 1,60 AZN-ə, “Aİ-98” markalı benzinin qiyməti isə 1,60 manatdan 1,90 AZN-ə qalxdı.

Burada qeyd etmək yerinə düşər ki, yeddi il əvvəl hökumət yüksək oktanlı yanacaq bazarında qiymətlərin liberallaşdırılması barədə qərar qəbul etdi və 1 aprel 2014-cü ildən etibarən Azərbaycan Premium “Euro-95” və “Super Euro-98” benzinini idxal etməyə başladı.

O zamandan bəri, bu seqmentdəki qiymətlər bazar tərəfindən diktə edilir və yanacaqdoldurma məntəqələrində pərakəndə satış qiymətləri dünyanın mövcud bazar qiymətlərindən asılı olaraq vaxtaşırı dəyişir.

Buna misal olaraq 2020-ci ilin mart ayında, pandemiyanın qızğın vaxtı dünya neft bazarında qiymətlərin çökməsindən sonra, dünyada yanacağa tələbat azaldı və həmin dövrdə Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzininin qiymətləri də aşağı düşdü.

Bu gün yüksək oktanlı benzin markalarının qiymətləri hər yerdə artmaqdadır və Azərbaycanda dəyişən pərakəndə satış tariflərinin əsasən benzinin idxal edildiyi Rumıniyadan nəzərəçarpacaq dərəcədə aşağı olduğu ortaya çıxıb. Müqayisə üçün deyək ki, Rumıniyada bir litr “Aİ-95” benzininin pərakəndə satış qiyməti indi 1,37 dollardır (2,33 AZN), Azərbaycanda isə bu növün qiymət artımından sonra da yanacaqdoldurma məntəqələrində 0,94 dollara (1,45) satılır. Yəni, neft emalı zavodlarının satış qiymətlərinə, nəqliyyat xərclərinə və digər əlavə xərclərə istinad etsək, başa düşülə bilər ki, yüksək-marjalı qiymət artımından söhbət gedə bilməz, daha doğrusu, bu, mövcud bazar şərtlərinə əsaslanan normal bir düzəlişdir.

Bu gün Ukraynadakı yanacaqdoldurma məntəqələrində bir litr “Aİ-95” benzinin qiyməti 1,12 dollar, Gürcüstanda 1,01 dollar, Ermənistanda 0,95 dollar, Bolqarıstanda 1,35 dollar, Fransa, İsveç, Polşa və Avropanın digər inkişaf etmiş ölkələrində ölkəmizlə müqayisədə 1,5 dəfə və ya daha çoxdur.

Yəni yanacaq qiymətlərində dəyişikliklər dövri xarakter daşıyır və hər yerdə baş verir. Sadə həqiqəti başa düşmək üçün (ehtimal ki, millət vəkili bunu etməyib) internetdə axtarış vermək kifayətdir.

Əksinə, Vahid Əhmədov mövcud qiymət artımını inflyasiyanı böyüdən və iqtisadiyyat üçün yan təsirləri ilə təhdid edən bir fəlakət kimi təqdim edib.

Bu elədirmi? Və prinsipcə, idxal olunan yüksək oktanlı benzinin qiymətinin artması Azərbaycan istehlakçılarına təsir edə bilərmi və bu iqtisadiyyatın digər seqmentlərinə təsir edəcəkmi?

Məlum oldu ki, indiki qiymət artımı ölkənin yanacaq balansına heç bir təhlükə yaratmır. Məsələ burasındadır ki, “Aİ-95” və “Aİ-98” markalarının payı ölkədə istehlak olunan bütün benzinin 5 %-dən bir qədər çoxunu təşkil edir və yüksək oktanlı idxal olunan benzin növləri müstəsna olaraq, daha keyfiyyətli növlərin istifadəsini nəzərdə tutan texniki istismar şərtləri olan bahalı xarici avtomobillərin sahibləri tərəfindən istifadə olunur.

İctimai nəqliyyat, taksilər, ekspeditorların yük maşınları, marketlərə ərzaq məhsulları daşıyanlar, kommunal xidmətlər və s. öz növbəsində, demək olar ki, istisnasız olaraq, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Heydər Əliyev adına neft emalı zavodunda (BNEZ) istehsal olunan “Aİ-92”dən istifadə edirlər.

O, bütün istehlakın təxminən 95 %-ni təşkil edir və bu növ yanacağın qiymətləri Azərbaycan Nazirlər Kabineti yanında Tarif Şurasının qərarları ilə tənzimlənir və bazarın tələbindən və ya qlobal tendensiyaların dəyişməsindən asılı olmayaraq ölkədəki bütün yanacaqdoldurma məntəqələrində dəyişməz olaraq qalır.

Aİ-92-nin qiymətləri son vaxtlara qədər təxminən 5 il dəyişməz qalıb və yalnız bu ilin yanvar ayında cüzi – bir litri 0,9 manatdan 1 manata artırılıb. Və bu günə qədər “Aİ-92” benzinin istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır, çünki hazırkı pərakəndə satış qiymətləri neft qiymətinin artması nəzərə alınmaqla istehsalçının xərclərini ödəmir.

Bu, son dərəcə vacib bir məqamdır, çünki hökumətin tarif siyasəti iqtisadiyyatı dəstəkləmək və yanacaq balansını səriştəli şəkildə tənzimləmək mülahizələrinə əsaslanır və idxal olunan yüksək oktanlı yanacağın qiymət artımları istehlak qiymətlərinə və inflyasiyaya praktiki olaraq təsir etmir.

Burada həm də qeyd edilməlidir ki, yanacağın qiymətinin qlobal artımını nəzərə alsaq, Azərbaycanın “Aİ-92” benzini hələ də postsovet məkanında nisbətən ucuz olaraq qalır. Millət vəkili nədənsə bu barədə susur. Bizə məlum olmayan səbəbdən, o həm də demir ki, dövlət satış qiyməti əslində bazar qiymətindən aşağı olan “Aİ-92” benzinin istehsalına subsidiya verir. Bütün dünyada “Aİ-92” və “Aİ-95” benzininin qiymətinin cüzi dərəcədə fərqləndiyini, eyni vaxtda, bizdə dövlətin öz vətəndaşlarının qayğısına qaldığı üçün bu fərqin əhəmiyyətli dərəcədə seçildiyini seçicilərinin diqqətinə çatdırmır.

O, eyni zamanda ölkəmizdə premium benzinin qiymətinin bir neçə dəfə aşağı düşdüyünü də xatırlatmır.

Nəhayət, nədənsə Vahid Əhmədov Azərbaycanda yüksək oktanlı yanacaq idxalından tamamilə asılılığın 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində, SOCAR-ın H.Əliyev adına BNPZ-də yenidənqurma və modernləşdirmə işlərini başa vurduqdan sonra aradan qaldırılacağı ilə bağlı susur.

Nəticədə neft emalı zavodunun illik emal gücü 8 milyon tona qədər artacaq və ölkədə lazımi həcmdə yüksək keyfiyyətli benzin istehsal olunacaq. Bu, ən optimal yoldur, çünki millət vəkilinin məqaləsində göstərildiyi kimi, yeni bir neft emalı zavodunun tikintisi ölkəyə azı 5 milyard dollara başa gələcək və onun geri ödəniş müddəti on illərlə uzanır ki, bu da tamamilə rentabelsizdir. Nəzərə alaq ki, 2030-cu ilə qədər bütün dünyada enerji keçidi çərçivəsində elektrik nəqliyyatının lehinə benzinli avtomobillərdən kütləvi şəkildə imtina başlanılacaq.

Üstəlik, millət vəkili Vahid Əhmədov parlamentdə yanacağın qiymətini, onun fikrincə, əsassız qaldırılması məsələsini mütləq gündəmə çıxaracağını qeyd etdi.

Bəs mövzunun mahiyyətini anlamadan bu cür populist bəyanatlar verməyə dəyərmi?

Aydındır ki, bu cür həssas mövzulara toxunan millət vəkillinin məqsədi obyektivlik və cəmiyyətin maraqlarını qorumaq illüziyası yaradaraq öz reytinqini və populyarlığını artırmaqdan ibarətdir.

Başqa bir sual: deputatın gətirdiyi arqument reallığa əsaslanırmı, yoxsa bu düzgün qiymətləndirmə səyi göstərilmədən faktların bayağı manipulyasiyasıdır?!

Oxşar xəbərlər
OTACI