Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir türk əsgərinin həyat hekayəsi: Ermənilər edam etmək istədi, azərbaycanlı xilas etdi - FOTO/VİDEO

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin avqust-sentyabr aylarında Türkiyənin hərbi qüvvələri Azərbaycana Gürcüstan vasitəsilə piyada yollanıb. Onlar Vətənlərinə geri dönərkən də Gürcüstan ərazisindən keçib. Türk əsgərlərindən birinin soydaşlarımızın yaşadığı Sadaxlı kəndində dəfn olunduğu bildirilir.

“Report”un Gürcüstan bürosunun əməkdaşları Sadaxlıda olublar və Bakının xilaskarlarından biri olan həmin türk əsgəri ilə bağlı araşdırma apararaq maraqlı faktlar üzə çıxarıblar.

Türk əsgərinin azərbaycanlı xilaskarı, xalq qəhrəmanının nəvəsi

Türk əsgərinin Sadaxlıya gedib çıxması soydaşımız Məmməd Hacıməhəmməd oğlu Xudiyevlə (1856-1976) bağlıdır. Onun nəvələri Veys Xudiyev və Elizbar Xudiyev babalarının onlara danışdığı və 1918-ci ilə aid olan tarixçəni bizimlə bölüşüblər.

Məmməd kişi gürcü çarı II İraklinin sadiq silahdaşı, azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının nəvəsi olub. O, nəinki Sadaxlıda, ətraf kəndlərdə də tanınan tacir olub. Bir gün o, nisyə satdığı malların pulunu yığmaq üçün at arabası ilə qonşu kəndlərə yollanır. Pul dolu xurcunla geri dönərkən əsasən ermənilərin yaşadığı Ağkörpü kəndində xırmanda böyük kütlənin səs-küyünə şahid olur və nə baş verdiyi ilə maraqlanır. Məlum olur ki, bir qrup erməni türk əsgərini edam etməyə hazırlaşır. Danışılanlara görə, bundan əvvəl həmin əsgərin silahdaşını ermənilər onun gözü qarşısında öldürərək yandırıblar.

Məmməd Xudiyev onu tanıyan bir şəxslə ermənilərə türk əsgərini pulla alaraq oğulluğa götürmək istəyini çatdırır. Məmməd kişi 4 oğul sahibi olsa da, oğlunun olmadığını bildirir. Ermənilər pulun əvəzində türk əsgərini sərbəst buraxmağa razılaşırlar. Məmməd kişi xurcunun bir gözündə olan pulları saymadan onlara verir. Pulun məbləği dəqiq bilinməsə də, güman edilir ki, o vaxt üçün külli miqdar təşkil edib.

Əsgərin 25 yaşlı Həsən adlı gənc olduğu məlum olur.

Xudiyevlər ailəsinin yaxını, Sadaxlı sakini Sabir Mehtiyev də Həsənlə bağlı Məmməd kişinin özündən eşitdiyini bildirib. Onun sözlərinə görə, Həsən əsgər yoldaşı ilə Türkiyəyə qayıdan türk hərbçilərindən yorulduqlarına görə geridə qalıb və ermənilər onları yatmış vəziyyətdə tutublar:

“Məmməd kişi danışırdı ki, qorxmuş halda olan türk əsgərini arabasına mindirərək Sadaxlıya evinə gətirir. O, əsgərin bit-birə basmış şinelini yandırır, üzünü, başını qırxır, çimizdirir, təmiz pal-paltar geyindirir. Həsən həmin gündən Məmməd kişinin evində yaşayır. Məmməd kişi onu doğma övladlarından ayırmırdı. Həsən Məmməd kişiyə ata deyə müraciət edirdi”.

Əsgərin vəfatı, itmiş məzar

Təəssüflər olsun ki, Həsən 3-4 il yaşadıqdan sonra müalicə olunmayan xəstəliyə yoluxur. Xalq təbabəti və loğmanın müalicəsi onun sağalmasına kömək etmir. Əsgərin vərəm xəstəliyindən dünyasını dəyişdiyi ehtimal olunur.

Məmməd Xudiyev bundan çox sarsılır. Onun Həsənlə bağlı arzuları var idi, onu evləndirmək istəyirdi. Gəncin Sadaxlıda bir qıza vurulduğu da bildirilir. Həsəni Məmməd kişinin özü müsəlman adət-ənənəsinə uyğun olaraq Sadaxlı kənd qəbirstanlığında dəfn edir. Məzarın dəqiq yeri bilinmir. Çünki o vaxt məzarın üzərində Həsənin adı yazılan lövhə taxtadan olub, illər sonra çürüyüb və torpağa qarışıb.

Türk əsgərindən yadigar Quran

Həsəndən nə bir sənəd, nə də fotoşəkil qalıb. Onun yalnız Quran kitabı günümüzə qədər gəlib çıxıb. Kitabın üzərində çap tarixi Hicri təqvimi ilə 1328-ci il (Milad təqvimi ilə 1910-cu il) qeyd olunub.

Məmməd kişinin nəvələrinə danışdıqlarına görə, Həsən müqəddəs kitabdan heç ayrılmırmış. Soydaşımız vəfat edərkən Quranı kiçik gəlini Bəsti Xudiyevaya əmanət qoyur.

Bəsti xanım qayınatasının Həsənlə bağlı xatirələrini yadına salır:

“Məmməd kişi danışırdı ki, Həsəni gözündən heç qoymurdu, nəzər-diqqəti həmişə onun üzərində olurdu. Qayınatam bunları danışanda kövrəlirdi, Həsənin gənc yaşda vəfatından çox təəssüflənirdi”.

V.Xudiyevin sözlərinə görə, iş adamı olan mərhum qardaşı sovet dövründə Türkiyədə olarkən Həsən haqqında qaldığı mehmanxananın müdirinə danışır. O, bundan çox təsirlənir və Sadaxlıya gedib Həsənin məzarını ziyarət etmək, əsgərin xatirəsini əbədiləşdirmək istəyini dilə gətirir. Lakin məzarın dəqiq yeri bilinmədiyindən bu istəkləri reallaşdırmaq mümkün olmur.

Bakının xilaskarının xatirəsinə ehtiram

Həmsöhbətlərimizlə birgə kənd qəbirstanlığına yollanırıq. İlk öncə türk əsgərinə ata-analıq etmiş Məmməd kişi və həyat yoldaşı Sofiya xanımın məzarlarını ziyarət edərək xatirələrini anırıq.

Həsənin dəfn olunduğu yeri indi yalnız təxmin etmək olur. Ondan bir neçə il öncə Məmməd Xudiyevin qardaşı İsmayıl dünyasını dəyişib. Məmməd kişi qardaşını özü dəfn edib. Həmin yer köhnə qəbirstanlığın ərazisinə düşür. Həsənin də İsmayıl Xudiyevin məzarı yaxınlığında torpağa tapşırıldığı güman edilir.

Həmin yerə qalxırıq, türk əsgərinin uyuduğu təxmin edilən yerə çiçək qoymaqla yanaşı, kiçik ölçüdə Azərbaycan və Türkiyə bayraqlarını da sancırıq.

Xudiyevlərin və Sadaxlı sakinlərinin istəyi

Sadaxlı sakini Sabir Mehtiyev türk əsgəri ilə bağlı məsələ barədə Türkiyənin Gürcüstandakı səfirliyini məlumatlandırdığını söyləyib. O, Həsənin məzarının aşkarlanması üçün Türkiyə tərəfinin köməyinə ehtiyacın olduğunu bildirib: “Həsən xilaskar türk əsgəri olub. Biz onu sadaxlılı kimi qəbul edirik. Onun dəfn olunduğu yer dəqiqləşdirilsə idi, xatirə lövhəsinin qoyulmasına biz də dəstək olardıq. Qəbirstanlığı hər ziyarət edəndə onun da əziz xatirəsini məzarı başında yad edərdik”.

Məzarın dəqiq yerinin müəyyən edilməsi və xatirə lövhəsinin qoyulması Xudiyevlərin də istəyidir. V.Xudiyevin sözlərinə görə, türk əsgərinin məzarı üzə çıxarılsa və başdaşı qoyulsa, Məmməd kişinin xeyirxahlığı və Həsənin xatirəsi yalnız indiki nəsillər üçün deyil, gələcək nəsillərin də yaddaşında qorunub saxlanılar.

Oxşar xəbərlər
OTACI