logo
First slide

Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatları

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qızına narkotik maddə vuraraq qəsdən öldürməkdə təqsirləndirilən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lakin atanın qızını bu üsulla öldürməsinin səbəbi ictimaiyyətə müəmmalı qalıb.
Sözügedən cinayət işi üzrə materialları təqdim edirik: 

İttihama görə, hadisə bu ilin martında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi evdə qeydə alınıb. 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb. Xəzər rayon Prokurorluğunun araşdırmasına əsasən, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin yeridib.

Nəticədə G.Salamova zəhərlənərək ölüb.

Məhkəmədə ifadə verən H.Salamov özünü ittiham üzrə tam təqsirli bilib.

O ifadəsində deyib ki, əvvəllər narkotik maddə istifadəsi və qəsdən adam öldürmə cinayətlərinə görə məhkum olunub. Onun 3 qız və 1 oğlan övladı olub. Mərhum Gülər onun ilk övladı imiş: “Gülər 2007-ci ildə qohumumuz Eldənizlə ailə həyatı qurdu. Onların 3 övladı vardı. Eldəniz ailəsi ilə birlikdə işləmək üçün Rusiyaya getdi. 6-7 il orada yaşadılar. Eldəniz ticarətlə məşğul olurdu. Sonradan işləri pisləşdi. Bu səbəbdən Gülərgillə birlikdə Bakıya qayıtdı. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşandı. Lakin bu barədə mənim sonradan məlumatım olub. Lakin kürəkənim uşaqlarına baxmaq üçün qızıma həmişə pul göndərirdi”. 

H.Salamov qeyd edib ki, hadisədən 1 il əvvəl qızı Maştağa qəsəbəsində yerləşən kursda rus dili müəlliməsi kimi işləməyə başlayıb: “Bundan sonra, Gülərin hərəkətlərində dəyişikliklər hiss etdim. Qızım uşaqlarına qayğı göstərmirdi, evin işləri ilə məşğul olmurdu. Təxminən 2020-ci ilin noyabr ayında onun əxlaqsızlıq etməsi, bir nəfər şəxslə əlaqə qurması, aralarında sevgi münasibətləri olması barədə məlumat aldım. Gülərə dəfələrlə belə hərəkətlər etməməsini dedim. Xatırlatdım ki, evlidir, 3 övladı var, onlara qayğı göstərməlidir. Lakin Gülər sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə onu da edəcəyini deyərək həmin hərəkətlərini davam etdirməyə başladı. Hətta sonradan mənə məlum oldu ki, nəvələrim evdə olan zaman Gülər yad kişiləri evə gətirib. Bundan sonra nəzarət etmək üçün həyat yoldaşım və oğlum ilə birlikdə qızımın evində yaşamağa başladıq. Hətta telefon işlətməyi qızıma qadağan etdim, işdən də çıxardım. Buna baxmayaraq, qızım 2021-ci ilin yanvar ayında evdən qaçdı. Bununla bağlı polis şöbəsinə məlumat vermişəm. Səhəri evə qayıtdı. Gülərdən hara getdiyini soruşduqda, qadağalardan bezdiyini, əsəbiləşdiyini, bu səbəbdən evdən çıxaraq sakitləşmək üçün rəfiqəsigilə getdiyini bildirdi. Bundan sonra təxminən 19-20 mart 2021-ci il tarixdə Gülər yenidən evdən qaçdı və bir neçə gün evə gəlmədi. Bu dəfə utandığımdan polisə məlumat vermədim”.  

Qızını qətlə yetirən ata deyib ki, mart ayının 22-də Gülər evə gələrək paltarlarını götürüb birdəfəlik evdən çıxıb getmək istədiyini bildirib: “Təxminən saat 16-17 radələrində evə gəldim. Gülərlə söhbət edərək nə səbəbə bu cür davranışlara yol verdiyini soruşduqda, o cavabında bildirdi ki, necə istəyirsə, elə də yaşayar, heç kəs ona qarışa bilməz. Bundan sonra beynim çöndü. Güləri öldürmək qərarına gəldim. Beynimdə planladım ki, narkotik maddəni ona vursam, maddənin təsirindən öləcək. Həyətdə yerləşən tövlədə təxminən bir ay əvvəldən Buzovna ərazisində yolun kənarından tapdığım və şəxsi istifadə üçün gizlətdiyim təxminən 1 qram çəkidə narkotik vasitəni çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətdə saxladım. Sonra evə gəlib yoldaşıma qızım ilə ata-bala söhbəti etmək istədiyimi dedim. Bildirdim ki, bizi tək qoysun. Onlardan Şüvəlanda yerləşən evimizə getmələrini istədim. Yoldaşım evdən çıxan kimi qapını bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum, sonra isə Güləri qonaq otağına çağırdım”.

H.Salamov bildirib ki, qızı qonaq otağına gələndə o, sonucu dəfə xəbərdarlıq edib, əxlaqsız davranışlardan çəkinməsini bildirib, lakin qızı sözlərinə qulaq asmayaraq yenidən nalayiq cavab verib: “Həmin vaxt onun boğazından tutub sol qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qol nahiyəsinə vurdum. O, müqavimət göstərdiyindən şpris yarıya çatmamış qolundan çıxdı. Yenidən şprisi Gülərin sol qol nahiyəsinə batırıb qalan narkotik vasitəni də onun bədəninə yeritdim. Gülər müqavimət göstərirdi, əlbəyaxa olduq, sifətimə xəsarət yetirdi, barmaqlarımı dişlədi. Lakin qısa bir müddətdən sonra Gülər halsız vəziyyətə düşdü. Boğazından yapışıb sıxmağa başladım və onu boğaraq öldürdüm. Qızımın həmin vaxt tərpənmədiyini və nəfəs almadığını gördüm. Gülər narkotikin təsirindən yox, mənim boğmağımdan sonra öldü. Daha sonra onu qonaq otağında yerləşən divanın üzərinə uzatdım. Təxminən 2-3 saata yaxın meyitin başında oturub ağladım. Sonra DİN-nin “102” xidmətinə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim və təslim oldum. Hərəkətimdən peşmanam”.

G.Salamovun meyitinin müayinəsi zamanın onun narkotikin təsirindən öldüyü məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Salamov qəsdən adam öldürmə, narkotik vasitələri əldə etmə və saxlama maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər
OTACI
OTACI