Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nə Səhiyyə Naziri var, nə TƏBİB sədri – Səhiyyəmizin “pilot kabini” niyə boşdur?

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki ilə yaxındır ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası tüğyan edir. Pandemiya başlayandan bu günə qədər milyonlarla insanın yoluxmasına və ölümünə səbəb olan bu virusla bir çox ölkələrin fərqli mübarizə üsulları var. Ən başlıca mübarizə üsulu isə dövlətlərin öz səhiyyə sistemlərini daha da gücləndirməyə çalışmalarıdır.

Praktika onu göstərir ki, yalnız səhiyyəsi güclü olan dövlətlər bu pandemiyadan az ziyanla çıxa bilir, itkiləri minimuma endirir. Səhiyyəsi inkişaf etməyən dövlətlərə isə bu halı şamil etmək təbii ki, mümkün olmaz.

Bəs, Azərbaycanın koronavirusla mübarizəsi hansı yenilikləri yaratdı?

Məsələyə lap əvvəldən baxsaq Azərbaycanın koronavirusla mübarizə əzmini bir çox ölkələr özlərinə örnək olaraq qəbul etdilər. Elə ilk başdan Azərbaycan hökuməti Operativ Qərargah yaratdı, gücləndirilmiş iş rejiminə keçdi, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı.

Azərbaycanın Koronovirusla Mübarizəyə Dəstək Fondu yaratması ideyası da geniş təcrübəyə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, özünün və Birinci Vitse Prezident Mehriban Əliyevanın bir illik maaşını ianə etdiyi fonda vətəndaşlar, iş adamları, dövlət qulluqçuları, şirkətlər ianələrlə qoşuldular. Fondda 100 milyon manatdan artıq vəsait toplandı.

Daha sonralar dövlət və xalq həmrəyliyinin işarəsi olan addımlar atılmağa başlanıldı. Ən başlıcası, dövlət üçün büdcəsinə gələcək vergi, iqtisadiyyatının inkişafını göstərəcək rəqəmlərlə müqayisə olunmayacaq qədər qiymətli və dəyərli olan - Vətəndaşın sağ qalması, sağlamlıq faktorunun prioritet olduğu göründü. Vətəndaşın bunu hiss etməsi, öz üzərində anlaması isə belə vəziyyətdə çox mühüm olan əvəzsiz psixoloji dəstək rolunu oynadı.

Bəs, səhiyyəmiz bu məntiqli siyasətin davamlılığını təmin edə bilirmi?

Hazırda ölkənin ən çox səhiyyəyə ehtiyacı olduğu bir dövrdə iki vacib vəzifə boşdur. Bunlardan birincisi Səhiyyə Naziri, ikincisi isə TƏBİB sədridir.

Səhiyyəmizin "pilot kabini”nin boş olması ciddi sualların və haqlı narahatlıqların yaranmasına səbəb olur.

Keçmiş Səhiyyə Naziri Oktay Şirəliyevdən sonra böyük etimada sahib olan TƏBİB sədri Ramin Bayramlının gözlənilməz istefası bu sualların daha da dərinləşməsinə səbəb oldu.

 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev ölkənin səhiyyə sistemində xaotik vəziyyətin hökm sürdüyünü deyib:

"Azərbaycanda hazırda səhiyyə sistemində xaotik vəziyyət yaranıb. Bəlkə də indiyədək bu cür xaotik vəziyyət olmamışdı. Bu xaos dövrü Azərbaycanın səhiyyə sistemində birliyin pozulması ilə başlayıb. Yəni Azərbaycanın səhiyyə sistemində ən azı 6 qərarverici, əmrverici, idarəedici orqan var. Bunlar Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi, Prezident Administrasiyası və Nazirlər Kabinetində müvafiq səhiyyə şöbələri və hər bir nazirliyin nəzdində fəaliyyət göstərən tibb baş idarələri və onların tabeliyində olan xəstəxana və poliklinikalardır. Bunların hamısı demək olar ki, öz-özlüyündə sanki ayrı bir hakimiyyətdir. Hətta az qala ayrı qərarverici bir orqandır. Bu baxımdan da heç kim heç kimin kitabını oxumur, məsləhətləşmir”.

Deputat bu problemlərin həlli yolu üçün təkliflərini də bildirib:

"Bu zaman yeganə çıxış yolu ya Prezidentin iştirakı ilə, ya da Baş nazirin iştirakı ilə bütün müvafiq orqanların, ekspertlərin iştirakı ilə bir konfrans və ya bir müşavirənin keçirilməsidir. Burada bütün təkliflər səsləndirilməli və səhiyyə sistemində nizam-intizamın yaranması üçün yol xəritəsi müəyyən edilməlidir”.

R.Nurullayev mövcud vəziyyətdən ən çox vətəndaşların əziyyət çəkdiyini deyib:

"Hazırda Azərbaycan vətəndaşları, xəstələr çox ciddi əziyyət çəkirlər. Digər bir yandan bütün səhiyyə sistemində, poliklinkalarda çalışan həkimlər tibbi sığortanı baykot ediblər. Tibbi sığortadan gələn təlimatları yerinə yetirməkdən imtina edirlər və bunu təchizatın olmaması ilə, gəlirin, qazancın yoxluğu ilə izah edirlər. Bütün bunlar həll olunmayanadək hazırki problemlər qalacaq. Həlli yolu da dediyim kimi, müşavirənin keçirilməsidir”.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili Fazil Mustafa isə, TƏBİB-in pandemiya dönəmində istənilən effekti vermədiyini deyib:

"Düzdür, hazırda səhiyyə naziri vəzifəsi və TƏBİB sədrliyi boşdur, amma icra səlahiyyətləri tapşırılmış əvəzediciləri var. Yəqin ki, uyğun namizəd olduqda təyinat olacaq. Hesab edirəm ki, bu ərəfədə əvəzedici ilə davam etdirmək olmaz. Mütləq burada təyinatlar olmalıdır. Olmalıdır ki, ciddi məsələlərdə narazılıqlar yaranmasın. TƏBİB-in fəaliyyətini qiymətləndirmək bir az çətindir. Hər halda müsbət məqamlar da oldu, amma pandemiyanın şərtlərinə görə, işin öhtəsindən tam gələ bilmədilər”.

Oxşar xəbərlər
OTACI