logo
First slide

Vitamin və minerallarla zəngin qidalar

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Press.az-a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməsi sağlamlıq üçün faydalıdır. Tədqiqatlar nəticəsində bəlli olub ki, tərkibi antioksidant və flavonoidlərlə zəngin super qidalar ürək-damar və xərçəng xəstəliyinin qarşısını almağa, immun sistemin möhkəmləndirilməsinə, eləcə də iltihabı azaltmağa kömək edir. Həmçinin meyvə-tərəvəzin müntəzəm istehlakı həyat tərzi ilə əlaqəli olan bir çox xəstəliklərin inkişafı riskini aşağı salır. Yüksək qida dəyərinə sahib olduğundan bu tip məhsulların istehlakı üz, dırnaq və saçın sağlamlığının qorunmasında vacibdir. Super qidalar orqanizmin enerji ilə təmin olunmasında, həmçinin sağlam çəkinin qorunub saxlanmasında olduqca faydalıdır.

Mütəxəssislər ən yaxşı super qida kimi bilinən bəzi məhsulların gündəlik rasionda mövcud olmasını tövsiyə edirlər:

Yaşıl yarpaqlı tərəvəzlər. Kələm, ispanaq, brokkoli, çuğundur yarpaqları, collard yarpaqları (Brassica oleracea Viridis) və digərləri ən çox istehlak olunan super qidalardandır. Bu qidalar A, C, E, K və B qrup vitaminlərlə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Hətta bəzi kələm növləri (1 stəkan kələm suyu) insanın gündəlik tələbatını 680 %-ə ekvivalent olan 550 mikroqram (mkq) K vitamini ilə təmin edir. Kələm və digər yarpaqlı tərəvəzlərin tərkibində lif və su çox olduğundan qəbizlik, həzm sisteminin bir sıra problemlərindən qorunmaq üçün onların müntəzəm istehlakı vacibdir.

Giləmeyvələr. Çiyələk, böyürtkən, asai, qaragilə, quşüzümü, moruq, gilas, albalı, goji və s. ən yaxşı bilinən super qidalardır. Qaragilənin tərkibi lif, manqan və K vitamini, goji giləmeyvəsi isə flavonoid, C və E vitaminləri ilə zəngindir. Bu giləmeyvələrdən qaraciyər və böyrəklərin sağlamlığının qorunmasında, diabet və yüksək qan təzyiqinə qarşı Şərq təbabətində geniş istifadə olunur. Həmçinin flavonoidlərlə zəngin olması baxımından giləmeyvələr ürək xəstəliklərinə qarşı mübarizədə müsbət təsirə malikdir.

Üzüm. Qırmızı üzümün qabığında bol olan polifenol tərkibli resveratrol ürək-damar sağlamlığı üçün faydalıdır. Araşdırmalara görə, resveratrol diabetik nefropatiya və retinopatiyanın profilaktikası zamanı olduqca effektlidir. Resveratrol Altsheymer xəstəliyi və əhval dəyişkənliyi zamanı, eləcə də qanda qlükozanın miqdarının artmasına da müsbət təsir edir. Qeyd edək ki, üzümün tərkibində olan querçetin flavonoidi ateroskleroz riskini aşağı salan təbii antiiltihab hesab edilir.

Yumurta. Xolin, selenium, dəmir, fosfor daxil olmaqla bir çox qida maddələri, protein, A və B qrup vitaminlərlə zəngindir. Həmçinin yumurta gözün sağlamlığını qoruyan və görməni yaxşılaşdıran iki güclü antioksidant olan zeaksantin və lutein mənbəyidir. Tərkibində xolesterinin miqdarı yüksək olsa da, həftə ərzində 6-12 yumurtanın istehlakı tövsiyə edilir.

Paxlalılar. Paxla, soya, mərci, noxud, yerfıstığı və s. müxtəlif qida maddələri ilə olduqca zəngindir. Qeyd edək ki, bu qidaların müntəzəm istehlakı sağlam çəkinin qorunub saxlanmasında və doyma hissinin yaranmasında faydalıdır.

Çərəzlər və toxumlar. Badam, qoz, fındıq, pekan, makadamia və digərləri, eləcə də günəbaxan, balqabaq, çia, kətan toxumu və s. ən çox istehlak edilən super qidalardandır. Çərəz və toxumların tərkibi lif və vegetarian zülallarla olduqca zəngindir. Bu tip qidalar oksidləşdirici stresdən qoruyan antiiltihab və antioksidant xüsusiyyətə malikdir. Yüksək kaloriyə malik olsa da, çərəz və toxumlar balanslaşdırılmış pəhrizə əlavə edildikdə çəkinin itirilməsində effektivdir.

Kefir. Tərkibi insan orqanizmi üçün zəruri sayılan zülal, kalsium, kalium, B qrupu vitaminləri və probiotiklərlə zəngin olan kefir fermentativ içkidir. Kefir kimi fermentləşdirilmiş, probiotiklə zəngin digər süd məhsulları da xolesterinin miqdarının azalması, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması zamanı iltihab əleyhinə təsirə və digər bir sıra faydaya malikdir.
Sarımsaq manqan, C və B6 vitamini, selen və lif mənbəyidir. Xolesterini azaltmaqda, qan təzyiqini nizamlamaqda və immun sistemini möhkəmləndirməkdə çox faydalıdır.

Qızılbalıq yüksək qida dəyərinə malikdir. Tərkibi faydalı yağlar, zülallar, B vitamini, kalium və seleniumla zəngindir. Həmçinin bu balıq növü antiiltihab təsirli Omeqa 3 yağ turşularının mənbəyidir. Şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında, eləcə də sağlam çəkinin qorunub saxlanmasında balığın müntəzəm istehlakı tövsiyə olunur. Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, digər balıq növləri kimi qızılbalıq da mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit sayılır və sanitar göstəriciləri pozulduqda insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir.

Avokado vitamin və minerallar, lif və yağlar da daxil olmaqla bir sıra qida maddələri ilə zəngindir. Doymamış yağ ehtiva etdiyindən avokado xolesterinin səviyyəsini azaltmaqda çox faydalıdır. Həmçinin tərkibində olan oleik turşusu iltihabın azalmasına kömək edən doymamış yağdır.

Şirin kartof bir çox qida maddələri, eləcə də kalium, lif, A və C vitaminləri ilə zəngin kökümsov bitkidir. Həmçinin antioksidant növü olan karotinoidlərin mənbəyidir. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını yüksəltmir. Hətta 2-ci tip şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini normaya salır.

Sadalanan bu tip qidaları balanslaşdırılmış rasiona əlavə etməklə, sağlamlığımızı qorumuş olarıq, xüsusən də xroniki xəstəliklərin qarşısını ala bilərik.

Oxşar xəbərlər
OTACI
OTACI