Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan türkdilli ölkələrlə elektron ticarətin artırılması üzrə işləri davam etdirəcək - Mikayıl Cabbarov

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib.

Press.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi isə 75 faiz artıb:

"Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk. Bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə etmişik".

M.Cabbarov əlavə edib ki, ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək:

"Bu baxımdan biz türkdilli ölkələrlə imzalanması nəzərdə tutulan müvafiq memorandumu hazırlayırıq".

Nazirin sözlərinə görə nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır:

"Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik".

O əlavə edib ki, iclasın yekununda ticari-iqtisadi xarakterli bir sıra sənəd və sazişlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.

İclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.

İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq. Bundan başqa, Türk Şurasının 2-ci biznes mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.

Nazirlər, həmçinin Türk Şurasının Budapeşt və Bişkekdə keçiriləcək işgüzar və investisiya forumlarının təşkili məsələlərini müzakirə edəcəklər.

Oxşar xəbərlər
OTACI