Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşədibabanın oğlu Elçinin qətlindən, atasının ailəsi ilə münasibətindən və meyxanadan DANIŞDI - FOTO

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

O, öz dövrünün məşhur meyxanaçısı idi. Sözünün kəskinliyi, ipə-sapa yatmazlığı ilə hər kəsdən seçilirdi. Dostu Elçini qətlə yetirməsi, faciəli şəkildə intihar etməsi illərlə haqqında müxtəlif şayiələrin yaranmasına səbəb olur.

İllərdir davam edən şayiələrə son vermək üçün şairin yeganə yadigarı, meyxanaçı Mircəlal Aydəmirovla müsahibəni təqdim edirik:

- Neçə ildir meyxana deyirsiniz?

- 2012-ci ildən, 10 yaşımdan toylara gedirəm, meyxana deyirəm. İlk dəfə efirdə meyxana demişəm, sonra isə toylarda.

- Atanızın dəstək olduğu meyxanaçılar indi çox məşhurdur. Onlar sizə dəstək oldu?

- Atam demək olar ki, bütün meyxanaçılara dəstək olub və indiki məşhur olan meyxanaçılar vaxtı ilə Məşədibabadan, Ağakərimdən bəhrələniblər. Mənə qaldıqda isə onlara bağlı olan iş deyil. Toy sahibi kimi istəyir, dəvət edir, onlardan kimi istəyirsə, gətirmələrini xahiş edir. Olub ki, toya gedəndə məni də aparıblar. İştirak elədiyimiz çox toy videoları sosial şəbəkələrdə yoxdur. Atamın vaxtı ilə sənətdə dəstək olduğu, indi isə məşhur olan meyxanaçılardan heç kim mənə dəstək olmayıb. Yalnız Allah insana dəstək ola bilər, məşhur edə bilər.

- Bəlkə, hər şeyi tanrının üzərinə atmayaq.

- Bəndə sadəcə vasitəçidir. O da baxır hansı bəndə. Məsələn, yüz adamdan 5-6 nəfər dəstək olmaq istəyər. Şükür allaha, heç nəyə ehtiyacım yoxdur.

- İndidən sənətinizə qərəz nümayiş etdirənlər olub?

- Onu Allah bilir, heç kim bilə bilmir. Olur ki, efirə, toya getməyə mane olurlar. Kim olduqlarını bilirəm. Məndən böyüklərdi mane olanlar. Yaşıd olsalar, kim onların sözünə əməl edər? Belə, amma hər şey yaxşıdır. Mübarizə aparırıq, planlarım var ki, onlarla məşğulam. Yeni klip çəkmək, kitab yazmaq istəyirəm.

- Çoxları düşünür ki, musiqili meyxana ilə daha tez tanınmaq mümkündür. Siz necə, bu üsuldan istifadə etməyi düşünürsünüz, ya atanız kimi sırf qəzəl, meyxana yolunu seçirsiniz?

- Onların dövrü ilə bizim dövrümüz arasında yerlə göy qədər fərq var. Meyxana hazırda sənət olaraq nəyi tələb edirsə, onu da deməliyik. Toyda musiqili, əruz, oynaq deməmizi istəsələr, deyəcəyik. Bu sənət həm də xalqın zövqünə görədir.

- Ananız sənətə gəlməyinizə necə reaksiya verdi. Atanızdan sonra sizin meyxananı seçmənizə etiraz etmədi?

- Yox, evdəkilər məndən arxayındır. Bilirlər ki, ağlım başımdadır. Sənətdə olduğum doqquz il ərzində narazılıqlarını görməmişəm. Əgər pis vərdişlərdən uzaqsansa, bacarırsansa, özünü idarə edə bilirsənsə, niyə də bu sənətdə olmayasan. Kim istəməz ki, balası məşhur olsun?

Yeganə məsləhəti bu oldu ki, içkidən uzaq ol, avara olma. Onu da deməyə ehtiyac yoxdur. İçkiyə nifrət edirəm. Bir şeyi ki, Allah haram buyurub. Üç dəfə dini ziyarətdə olmuşam. Bir dəfə Kərbəla, iki dəfə də Məşhəddə. Bu ay yenə də gedəcəyəm. Bu yaşa qədər mənə heç kim tərbiyə verməyib. Öz yaşadıqlarımdan, gördüklərimdən tərbiyələnmişəm. Atamın öz dərdlərindən vaxtı olmayıb ki, nəsə desin. Anamın da başı həmişə bəlalı olub.

- Artıq sərbəst düşünən, öz fikri olan bir gəncsiniz. Bilmək istərdik ki, atanızın hansı hərəkətini, fikrini qəbul edə bilmirsiniz? Düşünürsünüz ki, bu addımı yanlış idi?

- Evdə bir cür, izdiham içində başqa cür olurdu həmişə. Mən bunu görmüşəm.

- O zaman siz uşaq idiniz. İndi baş verən hadisələri necə xatırlayırsınız?

- Doqquz yaşım var idi. Çox da uşaq deyildim, hamısını xatırlayıram.

- Sosial media hesabınızda mərhum meyxanaçı Elçindən də paylaşım etdiyinizi görürük. Hazırda onun ailə üzvləri ilə əlaqəniz var?

- Elçinin yalnız atamla birgə deyişmələrini paylaşmışam. Tək ifasını paylaşmamışam.

- İçinizdə ona qarşı kin, qəzəb var?

- Yox, heç bir kinim yoxdur. Nə olubsa, onların öz aralarında olub.

- Atanız onu öldürmədiyini deyirdi.

- Hə, birinci dəfə onu mənə deyib. “Youtube” da paylaşılanı da mən demişəm, mənim adımdan paylaşıblar.

- Elçinlə atanız Məşədibaba arasında bıçaqlanma olan günü orada olan şahidlərdən soruşub, hadisəni araşdırıb mübahisənin nədən yarandığını öyrəndinizmi?

- Ehtiyac yox idi araşdırmağa. Bilirəm hər şeyi.

- Mübahisəyə səbəb nə olmuşdu?

- Rəhmətlik özü bunu zamanında açıqlamayıbsa, mənim deməyim doğru deyil. Bilən, bilir.

- İki dostun bıçaqlaşmasının ciddi bir səbəbi olmalıdır.

- Deyirlər ki, çox yaxın dost olublar, toya gedəndə eyni geyinirmişlər, boş sözdür. 1989-1994-cü ilə qədərki meyxanalarına baxıram onların eyni köynək geyinib, toylara getməsi yoxdur. Bir də deyirlər ki, guya atam həbsdən çıxandan sonra ilk olaraq Elçinin məzarını ziyarət edib. Yalan sözdür.

- Elçinin atasının məhkəmə zalından dediyi söz də yalandır: “Bir oğlumu məzarda, o biri oğlum həbsdədir”?

- Onu bilmirəm. Onlarla bir evli olmamışıq, bilmirəm həqiqətən elə deyib, ya yox. Amma nənəmin “hətta eyni köynək geyəcək qədər mehriban dost idilər”, fikri yalandır. Onlar heç bir toyda eyni köynək geyinməyiblər. Atam onu öldürmək məqsədi ilə deyil, qorxutmaq üçün vurub. Həbsxanada olanda xəbər gəlib ki, Elçin keçindi. Təəccüblənib ki, necə yəni öldü? Mən ona öldürəcək zərbə vurmamışam axı.

- Atanızla Elçin arasında mübahisə nədən baş verdi və həmin gün orada kimlər var idi?

- Hadisə bizim evin qarşısında olub. Ad günündən çıxıb, maşınla evə gəlirdilər. Meyxana nümayəndələrindən də orada olan olub. Ad çəkmək istəmirəm. Çünki gözümlə görməmişəm. Bıçaqlanma səbəbi isə söyüş olub. Elçin atama nahaqdan əl qaldırıb. Atam da əlləri ilə dəstək ağacını (kastel) saxlayırdı. Ayağında uşaqlıqdan problem olub. Elçin vurub, atam yerə yıxılıb. Özü necə danışıb, mən də sizə elə deyirəm. Atam ayağa duranda, ikinci dəfə bir də vurub və yenə yerə yıxılıb. Üçüncünü vurmaq istəyəndə atam deyib ki, Elçin çıx get, səhər söhbət edərik. “Sən də içkilisən, mən də. Vuraram, peşmanlıq olar. Məni özümdən çıxartma”. Elçin də söyüb ki, vurmayanın... Atam da cibindən bıçağı çıxardıb, gödəkçənin üstündən vurub. Elçini yeddi saat maşında gəzdiriblər.

Müxtəlif versiyalar danışırlar. Bir versiya budur ki, guya atam Elçinin “Məsti xumar” mahnısının sözlərini dəyişib oxuyub. Digəri, atamı evə gətiriblər. Qapıya çatanda Elçin qəfil çağırıb, Məşədi bura gəl. Atam yaxınlaşanda heç nədən əl atıb, döymək istəyib. Üçüncü versiyada odur ki, guya atam onun dalınca danışıb. Təbii ki, sonuncu versiya inandırıcı deyil. O vaxtkı illərdə atamın “Məsti xumar” oxuduğunu görməmişəm. Heç bir videoda belə şey yoxdur. Deməli, o biri variantdır. Paxıllıqdan da ola bilərdi. Onları aradan götürməklə, meydanda olmaq istəyənlər olub.

Maştağada Molla Məhəmməd var idi, meyxanaçı olub. O, atam həbsxanada olanda hansısa toyda bir bənd demişdi:

 “Məşədibaba, sən bizi saldın dara,

Vurdun Elçinimə sağalmaz yara”

Atam həbsdən çıxanda məhləmizdə “Dostluq” kafesi var. Onu çağırıb, demişdi ki, o boyda ustadsan, o nədir yazmısan? Sən bilmirsən haqq-hesabları?

Həkim deyib ki, insan şillədən ölərdi, bu bıçaq yarasından ölməzdi. Niyə xəstəxanaya vaxtında çatdırmayıblar? Deyirlər ki, guya yeddi bıçaq zərbəsi vurub. Yalandır. Atama təsir edən “kastel”də ola-ola onu vurması olub. “Kastel”də olmasaydı, o da cavab olaraq əllə vurardı.

İndi də belədir. Mən, ya başqası öndə olsun, başlayacaqlar mane olmağa. Eynən buna bənzər hadisəni mən də yaşadım. Bıçaqlı münaqişə ola bilərdi. Amma ətrafdakı insanlar imkan vermədi. Yaxın dostumla mənim aramı vurmaq istəyənlər oldu.

- Maşında kimlər var idi?

- Dəqiq bilmədiyimə görə, deyə bilmərəm. Amma təxmini kimlərin olduğunu bilirəm. Meyxana aləmindən olan dostlar, insanlar atamla Elçinin arasında mübahisə olmasında maraqlı idilər. Hətta deyərdim ki, onların arasındakı mübahisənin də səbəbkarı onlar idi.

- Dostları kim idi?

- Onu məhv edən insanlar. Mələk üzlü, şeytan idi onlar.

- Bibiniz müsahibəsində deyir ki, o özünə kömək edə bilmədi, hamı ona dəstək olmaq istəyirdi.

- Heç kim onun üçün çalışmadı. Əvvəla, qohumlar çalışmalı idi. Onlar isə heç nə etmədilər. Deyirlər ki, onu müalicəyə apardıq, çalışdıq ki, sağalsın. Amma ona müalicə demək olmaz axı. Necə müalicə alırmış ki, özbaşına xəstəxanadan çıxıb gəlib? Onun əl-qolunu bağla, nəzarət elə, görüm oradan necə çıxacaq? Köhnəlmiş əşya kimi aparıb atmışdılar ora.

- Öz qardaşlarına qarşı niyə belə laqeyd idilər?

- Rəhmətliyin özündə də var idi. Əsəbi, kobud idi. Biri ilə yeyib-içərdi, deyib-gülərdi. Bir saatdan sonra həmin adamla dava edərdi. Əsəb pozğunluğundan idi hamısı. Həbs həyatı ona çox pis təsir etmişdi, travmalar almışdı, əsəb xəstəliyi qazanmışdı.

- Elçinin ailəsi ilə eyni kənddə yaşayırsınız. Hazırda ailələr arasında əlaqə varmı, münasibətlər necədir?

- Qardaşı oğlu Elçinlə salamım var. Rastlaşanda görüşürük. Onun da şeir, qəzəl yazdığını eşitmişəm, amma meyxana demir.

- Atanız həbsdən çıxandan sonra Elçinin ailəsi ilə görüşüb?

- Mən bildiyim qədəri ilə belə şey olmayıb. Hələ 1-2 dəfə qardaşları atama hücum eləmək istəyiblər. Atamı həbsdən çıxandan 5-6 gün sonra “Tavaylıq” məhəlləsində toya dəvət edirlər. Elçinin qardaşları, özü orada yaşayıb. Atam dayım Mehmana deyir ki, mən meyxana deyəndə arxamı qoru. Camaata baxıram, arxamı görə bilmirəm. Elçinin qardaşı Şahin atam meyxana deyə-deyə arxasına keçir. Dayım özünü qabağa verib ki, buradayıq. Düzdü, mən görməmişəm. Dayım danışır.

- Hazırda, əmi və bibilərinizlə əlaqəniz var?

-Yoxdur. Atamdan böyük əmilərimlə əlaqəm var. Atamdan kiçiklərlə heç bir əlaqəm yoxdur.

- Son anında iki beyt qəzəl deyib, amma unudulub. Sizcə hansı qəzəlini deyib?

- O, qəzəli deyəndə heç kim eşitməyib. Ən çox dediyi qəzəl “Canan olub, neyləmisən”dir. Və ya

“Məşədibaba yazanda mənasız söz yazmaz,

Çünki o özünə görə çox şey dünyada görüb”... bu da ola bilər. Ağlıma bunlar gəlir.

Mən onun bütün həyatını sözlə təsvir edib, qəzəl yazmışam. Özü oxusaydı, bəlkə ona təsir edərdi. O qəzəldə atama demək istədiyim sözləri demişəm.

- Hansı səhvini ona hələ də bağışlamırsınız?

- İçki və pulunun qədrini bilməmək.

- Xatırlayanda üzünüzü güldürən məqam hansıdır?

- Çox xatirələrimiz dava-qırğınla bağlıdır. Evdə də, məclislərdə də dava edəndə mən arada qalırdım. Evdən çıxanda arxası ilə ağlayırdım. Ona görə məni də toylara aparırdı.

- Atanızın ölümündə nənəniz babanızı, ananızı günahlandırır. Onları günahlandırmısınız?

- Nənəm özü atamla bir saat otura bilmirdi. Anam on il dözdü, bir evdə yaşadı. Atam çətin adam idi. Anormal hərəkətlər edirdi. 2006-cı ildə, o zaman mənim dörd yaşım vardı, yaşadığımız  evi yandırdı. Yuxu kimi də olsa xatırlayıram. Sonra öz maşınını yandırdı. Anam onda da ayrılmadı.

Atamı çox istəyirdim. Anam gedəndə də mən atamla qalırdım, ağlayıb onu istəyirdim. Saatlarla heyranlıqla ona baxırdım. Ayıq olanda tamam başqa insan idi. Sakit, danışmırdı heç. Amma o zəhrimar dilinə dəyəndə 180 dərəcə dəyişirdi.

Lent.az

Oxşar xəbərlər
OTACI