Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibə Qafarova beynəlxalq konfransda Azərbaycanın COVID-19-la mübarizə təşəbbüslərindən danışıb

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda çıxış edib.

Press.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu qeyd edən spiker S.Qafarova ölkəmizin pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Milli Məclisin sədri qeyd edib ki, COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsini təklif edib. Həmin təşəbbüsü BMT-yə üzv 150-dən çox dövlət dəstəklənib və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilib.

S.Qafarova Azərbaycanın pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini nəzərə çatdırıb.

O xatırladıb ki, COVİD-19 pandemiyası qlobal təchizat zəncirinə misli görünməmiş təsir göstərib. Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsi, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə qarşılıqlı əlaqələrin təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və COVİD-19 sonrası bərpa səylərində dövlətlərə kömək edəcək. Spiker Azərbaycanın trans-regional nəqliyyat layihələrinin bu məqsədlərə öz töhfəsini verəcəyini deyib.

Azərbaycanın post-pandemiya dövrü üçün qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi də həmin təkliflər sırasında yer alır. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19 pandemiyasından sonra qlobal bərpaya dair BMT-nin Yüksək səviyyəli panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəuyğun hesab edir. Bu panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.

Oxşar xəbərlər
OTACI